4 iyul 2025-ci il tarixində Qarabağın mərkəzi şəhəri Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biri kimi yadda qalacaq. Prezident İlham Əliyevin bu Zirvə görüşündə etdiyi çıxışda da vurğulandığı kimi, bu tədbirin məhz azad olunmuş Qarabağda təşkili dərin siyasi, tarixi və beynəlxalq əhəmiyyət daşıyır. Bu, təkcə Azərbaycanın qələbəsinin, ərazi bütövlüyünün bərpasının təsdiqi deyil, eyni zamanda işğalın nəticələrinin beynəlxalq miqyasda tanınması və təsbitidir.
30 ildən artıq bir müddətdə Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları 2020-ci ildə Azərbaycanın tarixi Zəfəri ilə azad olundu. Xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, ordumuzun qəhrəmanlığı nəticəsində Xankəndi və digər strateji bölgələr artıq düşmən tapdağından azad edilmişdir. Bu ərazilərin yenidən dirçəldilməsi, sosial-iqtisadi inkişafının təmin olunması dövlətimizin əsas prioritetlərindən birinə çevrilmişdir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə ailə öz doğma yurdlarına qayıdır, şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastrukturlar yaradılır.
Bu baxımdan, ECO Zirvə görüşünün məhz Xankəndidə təşkili sadəcə bir beynəlxalq tədbir deyil, həm də Azərbaycan dövlətçiliyinin gücünün və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu tədbir Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da artan rolunun və nüfuzunun təzahürüdür. Bu Zirvə görüşündə iştirak edən üzv dövlətlər, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Qarabağın sülh, əməkdaşlıq və inkişaf məkanı olaraq dünya ictimaiyyətinə təqdim olunmasında mühüm rol oynadılar.
Eyni zamanda bu tədbir, Ermənistanın uzun illər boyu apardığı işğalçılıq siyasətinə beynəlxalq arenada verilmiş ən ciddi cavablardan biridir. Ermənilər və onları dəstəkləyən qüvvələr artıq başa düşməlidirlər ki, regionda sabitlik, sülh və tərəqqi yalnız beynəlxalq hüququn aliliyinə hörmət edilməklə mümkündür. Azərbaycan bu gün təkcə regionun deyil, həm də Avrasiyanın mühüm iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevrilməkdədir.
Qarabağda təşkil olunan bu Zirvə görüşü həm də azad edilmiş ərazilərin iqtisadi potensialının üzə çıxarılması, investisiya imkanlarının təqdim olunması və regional əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Yeni Xankəndi artıq dağıntılarla yox, konfrans və inkişafla anılır.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, bütün regiona yeni bir inkişaf və əməkdaşlıq modeli təqdim edir. Bu model isə qarşılıqlı hörmətə, əməkdaşlığa və sülhə əsaslanır.
Bu Zirvə görüşü göstərdi ki, Azərbaycanın haqlı mövqeyi, güclü diplomatik siyasəti və vətənpərvər xalqı ilə hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür. Qarabağda keçirilən bu beynəlxalq tədbir, xalqımızın zəfərini və haqq işinin qələbəsini bütün dünyaya nümayiş etdirdi.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın