2025-ci ilin 3–4 iyul tarixlərində Qarabağın ürəyi olan Xankəndi şəhəri daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Prezident İlham Əliyevin “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” sözləri ilə başlayan çıxışı hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi oyatdı. Bu hadisə, eyni zamanda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün artıq tam reallığa çevrildiyini nümayiş etdirdi.
Azad Qarabağda keçirilən bu yüksək səviyyəli tədbir, Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və diplomatik uğurlarının bariz sübutudur. Tədbirdə iştirak edən qonaqlar Xankəndidə və ümumilikdə Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası ilə yerindəcə tanış oldular. Bu, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın yaratdığı reallıqları yerində göstərmək baxımından olduqca vacib idi.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu artıq Azərbaycanın ECO Zirvə görüşünə üçüncü dəfə ev sahibliyidir. Əvvəlki görüşlər 2006 və 2012-ci illərdə Bakıda keçirilmişdi. Bu dəfə isə tədbirin məhz Xankəndidə baş tutması mühüm siyasi və tarixi mesajlar daşıyır. Beləliklə, bu Zirvə görüşü Qarabağın inkişafı və beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrildiyini nümayiş etdirdi.Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin üzv dövlətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, regional əməkdaşlıq baxımından yeni səhifələrin açılmasına səbəb oldu. Bu görüşlər həm ikitərəfli münasibətlərin inkişafına, həm də ECO daxilində çoxtərəfli əlaqələrin genişlənməsinə töhfə verdi.
Xankəndi Konqres Mərkəzinin Zirvə görüşü ərəfəsində istifadəyə verilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev iyulun 3-də mərkəzin açılışında şəxsən iştirak etdi. Bu obyekt yalnız yerli deyil, həm də regional səviyyədə mühüm tədbirlərin keçirilməsi üçün müasir imkanlara malik bir məkandır.Qarabağın müxtəlif istiqamətlərində həyata keçirilən layihələr – Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsi, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması, Biznes və Konqres Mərkəzlərinin açılışı, eləcə də kanat yolunun inşası planları, bu bölgənin yeni iqtisadi mərkəzə çevrilməkdə olduğunu göstərir.
Xankəndi Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan azad olunmuş ərazilərdə həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan davamlı inkişafa nail olub. Ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş və təşəbbüskar mövqeyi möhkəmlənməkdədir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın