Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm addımlar atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın dünya dövlətləri, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri müasir dövrdə sürətlə inkişaf edir.Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev – Ali Dövlətlərarası Şuranın ikinci iclasının qərarını imzaladılar, müxtəlif sahələri əhatə edən mühüm sənədlərə qol çəkdilər.

Səfər həm də xalqlar arasında mənəvi körpü rolunu oynayan “Özbəkistan” parkının təməlqoyma mərasimi ilə yadda qaldı.

Şübhəsiz ki, Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan” parkı iki ölkə arasında mədəni-humanitar əlaqələrin bariz təzahürüdür. 5 hektar ərazini əhatə edəcək bu park Özbəkistanın xəritəsi formasında olacaq. Burada ölkənin qədim şəhərləri – Buxara, Səmərqənd, Xivə və Kokandın memarlıq üslubunda obyektlər inşa ediləcək. Muzey, kinoteatr, amfiteatr, Özbək mətbəxini əks etdirən restoran və kafelər, habelə zoopark və mehmanxana kimi infrastruktur obyektləri ilə park Bakının turizm və mədəni həyatına mühüm töhfə verəcək.

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində dinamik inkişaf edir. Zəngəzur dəhlizi layihəsi və Özbəkistanın Orta Dəhlizə marağı ölkələrimiz arasında geoiqtisadi sinerji yaradır. Prezident İlham Əliyevin bildiridiyi kimi iki ölkə nəqliyyat və logistika sahəsində koordinasiyalı fəaliyyətə sadiqdir: “Biz, həmçinin bugünkü imkanları və Xəzərdən Azərbaycana, oradan isə Qərbə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik.”

Azərbaycanın Özbəkistana yatırdığı investisiyalar da artmaqdadır. Prezident İlham Əliyev Özbəkistanda yaradılmış əlverişli investisiya mühitini yüksək qiymətləndirərək söylədi ki, 500 milyon dollar nizamnamə kapitalına malik Birgə İnvestisiya Fondu artıq 10-dan çox layihənin icrasına hazırdır. Bu fond vasitəsilə enerji, kənd təsərrüfatı, turizm, tikinti və digər sahələrdə qarşılıqlı sərmayələrin həcmi daha da genişlənəcək. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.

Bütün bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında toxunub. Cənab Prezident qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Sonda belə nəticəyə gəlmək olar ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Natiq Mahmudov

YAP Şuşa rayon təşkilatının fəalı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.